NOVRUZ Bayramı zamanı təhlükəsizlik qaydaları
Novruz bayarmı qapımızdadır artıq. Bayram günləri bir-birimizə xoş sözlər deyir, təbriklər, arzular çatdırırıq, süfrə arxasında əyləşib sevdiklərimizlə bayram yeməyi yeyir, bayramın müxtəlif ənənələrini özündə birləşdirən tədbirləri yerinə yetiririk. Novruz hər nə qədər bayram olsa da, bayram günlərində bəzi təhlükələr var ki, onlar insanlara və onların əmlakına zərər vura bilər. Bayram əhval-ruhiyyəsini qoruyub saxlamaq, şəxsi zədə, əmlak zərərindən uzaq olmaq üçün ətrafımızda mövcud olan təhlükə və onun yaratdığı riskləri aradan qaldırmalı və ya onları minimuma endirməklə nəzarətdə saxlamalıyıq.
Bayram günü bizi əhatə edən bir neçə təhlükə:
- Evdəki elektrik avadanlıqları, cihazlar
- Bişirilən yemək, qaynar su
- Qaz sobası, qızdırıcılar
- Xonçaların bəzəyi olan şamlar
- Həyətlərdə qalanan tonqallar
- Pirotexniki vasitələr / fişənglər
Bu təhlükələrə qarşı bir neçə nəzarət tədbiri:
- Mütəmadi olaraq evdə istifadə etdiyimiz elektrik enerjisi ilə çalışan avadanlıq, cihazları yoxlamalıyıq. Zədəli alət və cihazlar səriştəli şəxslər (məs: cihazların alındığı şirkətlərin rəsmi servis mərkəzləri) tərəfindən təmir edilməli və ya imkan daxilində yenisi ilə əvəz edilməlidir.
- Mətbəxdə yemək bişirilən zaman xüsusilə uşaqlar həmin yerdən uzaq saxlanılmalıdır. Bayram menyunuzu öncədən düzgün planlaşdırın ki, tələsgənliyə yol verməyəsiniz ki, bu da mətbəxdə qəzalara (məs: əlinizdəki qaynar suyun dağılmasına və ya sürüşməyinizə) səbəb olmasın. Əgər çətinlik çəkirsinizsə, ağır qazan və ya çaydanları köməkli şəkildə daşıyın. İsti səthlərə toxunacaqsınızsa, müvafiq əlcəklərdən istifadə edin.
- Qaz sobasını işə salarkən diqqətli olun! Sobaya qazı açmağınız ilə kibritin alışdırılması (və ya digər vasitə) zamanlaması uyğun olsun. Əgər ilk dəfəyə qazı alışdıra bilməsəniz, ventili bağlayın. Növbəti kibriti çıxarıb hazır vəziyyətə gətirdikdən sonra ventili təkrar aça bilərsiniz. Əks təqdirdə, qaz sızıntısı ciddi fəsadlara səbəb ola bilər. Mətbəxdə ventilyasının yaxşı vəziyyətdə olduğuna əmin olun. Yaxşı olar ki, nəfəslik və ya pəncərənin bir hissəsini açıq saxlayasınız.
- Xonçaları yana bilən materiallardan kənar saxlayın. Xüsusilə, xonçaların üzərinə hər hansı əşya və ya onun bir hissəsinin (məs: pərdə) düşməsinə şərait yaratmayın. Şam yandıracaqsınızsa, həmin xonçaları nəzarətsiz saxlamayın. Evi tərk edirsinizsə, xonçadakı şamalrın söndürüldüyündən əmin olun.
- Bəzən, insanlar tonqalların hündür olmasına görə sanki bir-birləri ilə yarışırlar. Ancaq, unutmaq lazım deyil ki, tonqalın hündür olması onun zərər vurma riskini daha da artırır. Tonqal qalamazdan öncə bəzi faktorlara diqqət etməyimizə ehtiyyac var: tonqalın yeri, hava şəraiti, təhlükəli maddə və materiallar, tonqal ətrafına toplaşan müxtəlif kateqoriyalı insanlar (uşaqlar, yaşlılar, qadınlar, əlilliyi olan şəxslər və s). Küləkli hava şəraitində ya tonqal qalamayın, ya da onu mümkün qədər kiçik qurun. Nəzarətsiz saxlamayın. Əks təqdirdə açıq alov və ya qığılcımlar ətrafdakı yanabilən materillara keçə bilər. Bunun üçün, tonqalı qaldığımız yerin seçilməsi önəmli faktordur. Ətrafda təhlükəli maddələrin (məs: alışabilən yağ çəlləkləri) olmadığına əmin olmaq lazımdır. Varsa, tonqal qalanacaq yerdən kənarlaşdırılmalı və ya üzəri yanğına davamlı örtüklə mühafizə olunmalı, tonqal və yanabilən amddələr arasında kifyət qədər məsafə saxlanılmalıdır. Qaladığınız tonqal ətrafına insanlar toplaşacaq. Uşaqları mümkün qədər nəzarətdə saxlayın. Tonqalın üzərindən atlayan zaman bir-birinizlə öncədən kommunikasiya (şifahi əlaqə) yaradın. Kimin birinci atlanacağını müəyyən edin. Ətrafda işıqlanmanın normal səviyyədə olması məqsədə uyğundur. Əks təqdirdə, tonqal üzərindən atlanan zaman bir-birinizi görməyə, kommunikasiyanın zəifliyi səbəbindən hər iki tərəfdən atlanan şəxslərin toqquşmasına və alov üzərinə yıxılmasına səbəb ola bilər. Tonqal üzərindən atlanacaq şəxslər uzun geyimlərdən uzaq olsunlar…. Ən əsası, şənlikdən sonra tonqalın tam söndüyünə əmin olun.
- Yaxşı olar ki, pirotexniki vasitələrdən istifadə olunmasın. İstifadə olunacaqsa belə, onları uşaqlara verməyin. Fişəngləri təhlükəsiz istiqamətə yönləndirin.
Evinizdə, həyətdə yanğınla mübarizə üçün ilkin vasitələrin olması məsləhətdir (məs: odsöndürən balon, qum, yanğın yorğanı və s)
Həyatımızın hər anında təhlükə və risk var. Bayramlarımızda da. Çox vaxt bu təhlükə və riskləri aradan qaldırmaq olmur. Onlarla doğru yaşamağı – nəzarətdə saxlayaraq yaşamağı öyrənməliyik.
Bayram günləri hər hansı fövqəladə vəziyyət baş verərsə Fövqəlad Hallar Nazirliyinin müvafiq qaynar xəttləri ilə əlaqə qurmağınız vacibdir:
– 112 / FHN
– 101 / Yanğın söndürmə xidməti
Təhlükəsizlik qaydalarına əməl edək ki, bayramlarımız yasa çevrilməsin!