Elektrik təhlükəsizliyi – Electrical safety

31 August 2020
Baxış sayı:

Burada yazılanlar maarifləndirmək məqsədilə paylaşılır. İstənilən halda iş yerində təsdiq olunmuş şirkət qayda və prosedurlarına istinad edilməlidir.

Elektrik Təhlükəsizliyi Tədbirləri
İş sahələrində olan elektrik axımının yaratdığı risklərin minimallaşdırılması üçün ən vacib üsul, işçilər arasında fərqindəliyi artırmaq və təşkil edilmiş tədbirlərin effektiv işləkliyini təmin etməkdir.

1992-2010 illəri arasında BLS (The US Bureau of Labor Statistics) aparılmış araşdırmaya görə, elektrik cərəyanının səbəb olması nəticəsində baş vermiş ölüm hadisələrinin 52% hissəsi tikinti sənayesinin payına düşür. Hadisələrin əsas baş vermə səbəbləri hava elektrik xətləri, alət və avadanlıqların elektikli hissəcikləri ilə təmasdır. Mühəndislər, elektriklər və hava elektrik xətləri altında işləyən digər işçilər əsas risk kateqoriyasındadır. Elektrik ehtiyacı bütün iş növlərində olduğu üçün, bu və ya digər halda bütün işçilər, hətta ofis işçiləri belə risk altındadırlar. Təbii ki,burda əsas məsələ, elektrik sisteminin nə qədər təhlükəsiz təşkil olunmasındadır.

Elektrik cərəyanının təsiri nəticəsində baş verən ölüm hadisələri adətən ürək fəaliyyətinin və ya tənəffüs fəaliyyətinin dayanması nəticəsində baş verir. Baş verən hadisələrin 90%-i işin düzgün təşkil olunmaması, 10%-i isə insan faktorundan irəli gəlir.

Ümumiyyətlə elektrik cərəyanı ilə zədələnmə aşağıdakı formalarda olur:
• Elektrik cərəyanının insan bədənindən keçməsi nəticəsində ürək və ya tənəffüs fəaliyyətinin dayanması;
• Elektrik yanıqları;
• Cərəyanın təsiri ilə əzələlərdə baş verən qıcolmalar nəticəsində yaranan mexaniki zədələr;
• Elektrik qövsünün təsirindən korluğun yaranması.
Elektrik cərəyanının təsiri nəticəsində baş verən zədələnmələrin dərəcəsi cərəyanın gücündən və məruz qalma müddətindən asılıdır. İnsan bədəninin müqaviməti ilə cərəyanın təsir gücü tərs mütənasibdir.

İnsan bədəninin müqavimət aşağıda göstərilən faktorların təsiri nəticəsində azalır:
• Yüksək gərginlik;
• Dərinin nəmliyi (əllərin tərləməsi böyük riskdir);
• Oksigenin parsial təzyiqinin aşağı düşməsi. Dağlarda, pis küləklənən binalarda insan daha həssas olur;
• Karbon qazının havada miqdarının artması;
• Havanın yüksək hərarəti;

Ümumi olaraq elektrik cərəyanının təhlükəli həddi 30 voltdan (42 volt gərginlik artıq ölümlə nəticələnə bilər) yuxarı hesab edilsə də, daha aşağı gərginlikli cərəyanın təsirindən hadisələrin baş verməsinə dair bir sıra təcrübələr var. 50 hers tezliyi olan dəyişən cərəyan daha təhlükəlidir. Ümumiyyətlə təhlükəsiz hesab edilən elektrik gərginliyi yoxdur, mühit və şəraitdən asılı olaraq hər bir elektrik mənbəyi risk təşkil edir.

Metal ötürücülərdən fərqli olaraq insan orqanizminin elektrik müqaviməti başqa xassələrə malikdir. O, müxtəlif daxili və xarici faktorlardan asılıdır. Elektrik cərəyanının təsirindən daha cox mərkəzi sinir sistemi zədələnir. Onun zədələnməsi ürək və tənəffüs sisteminin fəaliyyətini pozur.
Elektrik mənbəli təhlükələrin iş sahəsindən tamamilə kənarlaşdırılması çox zaman mümkünsüzdür. Ancaq bu təhlükələr nəticəsində baş verə biləcək hadisələri önləmək heçdə çətin deyil. Qarşı tədbirlərin ən önəmlisi fərqindəlikdir. İşçilərə elektrik cərayanının işləmə prinsipi anladılmalı və bəsit ama önəmli olan ümumi tədbirlər izah edilməlidir. Məsələn: Uyğunsuz elektrik xəttləri, natəmizlik, FMV və s. Elektrik işləri zamanı istifadə ediləcək alətlər və fərdi mühafizə vasitələri də işin növünə uyğun seçilməlidir. İstifadə edilən bütün alət və avadanlıqlar o cümlədən FMV-i seçilərkən, elektrik enerjisinin gücü nəzərə alınmalı və uyğun izolyasiya müqaviməti olanlardan istifadə edilməlidir.
Daha öncə vurğulanan işçilərin fərqindəliyini artırmaq üçün, ilk addım elektriklə bağlı təhlükə mənbələrini aydınlaşdırmaqdır.

Əsas elektrik təhlükələri aşağıdakılardır:
1. Elektrik hava xəttləri
Elektrik hava xəttləri yüksək gərginlikli, yanma və tokvurma riskli xəttlərdir. İş zamanı hava elektrik xəttləri üzrə minimum 3 metr məsafə saxlanılmalıdır. Bu məsafə gərginliyin miqdarından asılı olaraq arta bilər. İş sahələrində mütəmadi yoxlanışlar aparılmalıdır ki, elektrik hava xəttlərimim altında heç bir texnika, material və s. saxlanılmadığında əmin olunsun. Ətrafda işləyən digər işçilərində məlumatlı olması üçün təhlükəsizlik nişanlarından və bariyerlərdən istifadə edilməlidir.

2. Zədəli alət və avadanlıqlar
İstifadədən əvvəl əl alətləri və avadanlıqlar yoxlanılmalıdır. Əmin olmaq lazımdır ki, alətlərin naqilləri və elektik hissəciklərində heç bir, qırılma, çat, yeyilmə, və digər zədələnmə işarələri yoxdur. Zədə aşkar olunmuş alətlər sahədən çıxarılmalıdır. Bütün nasaz alətlər peşəkər ustalar tərəfindən təmir edilməlidir. Elektrik şəbəkələrində aparılacaq təmirlər zamanı kilidləmə və birkalama (LOTO) tələbləri yerinə yetirilməlidir.

3. Yararsız naqilləmə və naqillərdə artıq yüklənmə
Naqillərdə olan artıq yüklənmələr isinmə və yanğına səbəb ola bilər. Elektrik naqilləri seçilərkən iş müddəti ərzində ehtiyac duyulacaq cərəyan miqdarına uyğun seçilməlidir. Eyni zamanda sığorta açarlarının müqaviməti düzgün seçilməlidir.

4. Açıq elektrik hissələri
Müvəqqəti çəkilmiş naqillər və paylayıcı panellər nümunə olaraq göstərilə bilər. Bu tip hissələrin, mexaniki olaraq qorunmalı və tez bir zamanda aradan qaldırılmalıdır.

5. Yararsız torpaqlama
OSHA-ya əsasən, iş sahələrində elektrik ilə bağlı aşkar edilmiş uyğunsuzluqların əksəriyyəti torpaqlanmanın yetərsiz olması və ya ümumiyyətlə olmamasıdır. Effektiv torpaqlanma, artıq yüklənmiş elektrik cərəyanını təhlükəsiz əkildə torpağa ötürərək, tokvurma riskini önəmli ölçüdə azaldır.

6. Zədəli izolyasiya qatı
Zədəli vəya yetərsiz izolyasiya hissələrinin olmasını önləmək üçün mütəmadi yoxlanışlar edilməli və aşkar edilmiş uyğunsuzluqla aradan qaldırılmalıdır. Aşkar edilmiş uyğunsuzluqlara müdaxilə edərkən mütləqdir ki, elektrik cərəyanı mənbədən kəsilsin.

7. Nəm və rütubətli mühit
Heç bir halda nəm mühitdə elektrik avadanlığı işlədilməməlidir. Su ilə təmasda olmuş alətlər yenidən işlədilmədən öncə, ixtisaslı metəxəssislər tərəfindən yoxlanılmalıdır.

Elektrik təhlükəsizliyini davamlı inkişaf etdirmək hər bir rəhbər şəxsin öhdəliyidir. İşçilərin səriştəli olmağını təmin etmək üçün düzgün təlimatlandırılmalı, həm nəzəri həm də praktiki bacarıqlara sahib olmalıdırlar. Gündəlik iş öncəsi təlimatlarda, elektrik təhlükəsizliyinə yer verilməlməsi mütləqdir. Bu təlimatlarda işin növünə uyğun olaraq, ümumi risklər, yüksək gərginlik, qəzalı xəttlər və s. əlaqəli mövzular barəsində məlumatlar verilməlidir.