İlan sancmaları və onlara qarşı mühafizə tədbirləri

31 August 2020
Baxış sayı:

İlanlar və onların sancması

İlanlara səhralarda, dərələrdə, çöllərdə, quru qayalıqlarda və suya yaxın yerlərdə olan çəmənliklərdə rast gəlmək olar. Dünyada ilanların 3000 növü mövcuddur. Onlardan 230-u zəhərli ilanlardır.
İlan zəhərindən bəzən tibbdə istifadə edilir.

Zəhərli ilanlar tərəfindən sancmalara çox nadir hallarda rast gəlmək olar. Asiyada toplanmış son məlumatlara görə 72% hallarda heç bir zəhərlənmə əlaməti müşahidə edilməmiş, 23%-də yüngül əlamətlər müşahidə edilmiş və yalnız 5% hallarda isə ilan zəhərinə qarşı padzəhrə ehtiyac olmuşdur.

İlan sancmalarının 84%-i ayaq barmaqlarına, ayaqlara və ya topuq nahiyəsinə, qalan hissəsi isə ələ və əl barmaqlarına təsadüf edir. Bu rəqəm dünya təcrübəsi ilə demək olar ki, eynidir.
İlanlar haqqında yayılmış pis fikirlərə baxmayaraq, onlar adətən qeyri-aqressivdirlər. İlanı ayaqlayan və ya qıcıqlandıran olmasa insan kimi özündən böyük canlıların yaxınlaşdığını gördükdə o, ilk olaraq “yoxa çıxmağa” çalışır.

Zəhərli ilanlar öz zəhərlərindən əsas etibarilə kiçik canlıları ovlamaq üçün istifadə edirlər.

Demək olar ki, bütün ilan sancma hallarının qarşısını almaq mümkündür, ilan sancmalarının çoxu isə qorxulu deyil.
İlanın insanı sancması ilanın bilərəkdən və ya təsadüfən qıcıqlandırılması nəticəsində baş verir. İlanlar yalnız onları qorxutduqda və ya onlara toxunduqda sancırlar.
İlanın hücümü özünü-müdafiə vasitəsidir!

Azərbaycanda yayılan ilan növləri əsasən aşağıdakılardır:
– Dağ suilanı (sarı rəngli), Böyük Qafqaz dağlarındakı sulu çəmənliklərdə yaşayır.
– Azərbaycanda ən geniş yayılmış ilan növü GÜRZƏ-dir. Gürzə (dərisi əsasən parlaq qara və boz rəngli damalarla olur, başı üçbucaq şəklindədir, Azərbaycanda geniş yayılmışdır, xüsusilə Bakı və ətraf kəndlər, Xəzər ətrafı zonalar)
– Kobra (çox nadir ilandır, Naxçıvan MR-da əsasən rast gəlinir)
– Suilanı (boz və açıq boz rəngli olur, Azərbaycanda geniş yayılmışdır)

İlanların binalar, iş yerlərinə yaxınlaşmasının qarşısını alamq üçün aşağıdakı tədbirlər görülə bilər:
– Otları səliqəli qısa kəsin və sıx bitmiş yarpaqları və budaqları vaxtaşırı qısaldın;
– Lazımsız taxtaları və qabları atın, ilanlar bunların arasında həvəslə gizlənirlər;
– İş sahəsində olan və ilanlar üçün gizlənəcək yeri ola bilən bütün materialları səliqəli şəkildə saxlayın;
– Budaqları və sürən bitkiləri pəncərələrdən uzaqlaşdırın. İlanlar onların vasitəsilə evlərə daxil ola bilərlər;
– Divarlarda və yerdə bütün yuvaları, dəlikləri və çatları doldurun. Bunlar ilanlar üçün əla sığınacaqlardır.
– Bütün ventilyasiya dəliklərini və kanalizasiya çıxışlarını atmosfer təsirlərinə davamlı torla və ya barmaqlıqlarla bağlayın;
– Yeyilmәmiş yeməkləri lazımi qaydada kənarlaşdırın, yoxsa bunlar siçovulları və siçovullar da onları yeyən ilanları cəlb edə bilər;
– Hər-hansı bir sahəni siçovul basmışdırsa, onları öldürmək üçün ziyanvericilərlə mübarizə idarələrindən birini dəvət edin;
– Toyuq, göyərçin və digər kiçik heyvanların yetişdirilməsi də ilanları cəlb edə bilər;
– Müntəzəm olaraq hovuzların suyunu boşaldın və onları təmiz saxlayın. Baxımsız hovuzlarda bir çox ilan növlərinin sevimli yemi olan qurbağalar yığışır.

İlan sancmasınınq arşısının alınması üçün aşağıdakı tədbirlər görülə bilər:
 İlanlara görə sayıq olun və ayaq basdığınız yerə baxın!
 Topuqları örtən qoruyucu təhlükəsizlik çəkmələri geyinin;
 Hündür otlar, sıx kollar və alaq basmış qayalar olan yerlərdən uzaq gəzməyə çalışın;
 Çöldə olduqda qaranlıqda gəzməyin – bir çox zəhərli ilanlar gecələr daha fəal olurlar. Gecə vaxtı çöldə ayaqqabısız və çıraqsız/fənərsiz gəzməyin;
 Yerdə yatmayın – ilanlar insan bədəninin hərarətini xoşlayırlar;
 Əlinizi və ya ayağınızı qayalarda, ağaclarda və ya yerdə olan dəliklərə salmayın;
 İlanla qarşılaşdıqda qaçmayın. Yaxşısı budur ki, tam sakit dayanın və ya yavaşca geri çəkilin. İlan çıxıb getmək üçün yer axtarır və çox vaxt da məhz belə hərəkət edəcək;
 İlanları qıcıqlandırmayın;
 Heç vaxt ilanı öldürməyə çalışmayın;
 Ölü ilanla adamları qorxutmayın – ilan hələ tam ölməmiş ola bilər!
 Yenicə öldürülmüş ilanlar çubuq və qalın torba vasitəsilə ehtiyatla daşınmalıdır;
 İlan sancması hallarında təcili yardım göstərmək üçün ilk tibbi yardım çantanızda sarğılar və jqutlar olmalıdır;

İlan sancmasının əlamət və simptomları:
İlanın ölçüsündən, növündən, orqanizmə daxil olmuş zəhərin miqdarından və sancılmış yerdən asılı olaraq ilan sancmasının əlamət və simptomları müxtəlif ola bilər.
Onlar dərhal və ya bəzən xeyli (bir neçə saatdan) sonra üzə çıxa bilərlər.

İnsanı ilan sancdığını necə müəyyən etmək olar?
Yerli reaksiya
 Dişlə deşilmiş yara
 Ağrı
 Şişmə
 Göyərmə
 Qızartı
 Toxumanın ölməsi

Sistemli reaksiya – zəhər digər orqanlara yayıldıqda baş verir
 Baş ağrısı
 Tərləmə
 Qusma
 İshal
 Bayılma
 Qıcolma
 Nəfəsalmanın çətinləşməsi
 Ürəyin sürətlə döyünməsi

İlan sancması hallarında müalicə və ilk yardım:
İlan sancmasından alınan zəhər ciddi problemlərə səbəb ola bilər. Hətta əgər ilan zəhərsiz olsa belə, onun ağzındakı bakteriyalar sancdığı insanın bədəninə ciddi infeksiya sala bilər.
Jqut və ya bərk kəndirdən istifadə etmək OLMAZ – bu əzələni, sinirləri və arteriya damarlarını zədələyə bilər və nəticədə xəstə ətraflardan məhrum ola bilər.
Yaranı içəriyə doğru kəsmək OLMAZ – bunun heç bir faydası yoxdur və nəticədə vətərlər, sinirlər, qan damarları zədələnə və orqanizmə daha çox infeksiya düşə bilər.
Zəhəri sorub çıxarmaq OLMAZ (bu özünüzə zərər yetirə bilər!).
Xəstəyə heç bir dərman vermək OLMAZ.
Xəstəyə yemək və ya içmək üçün heç bir şey vermək OLMAZ.
Yara ətrafını yumaq və ya sürtüb silmək OLMAZ.
Həmçinin, dəri üzərində olan zəhər sarğıya hopacaq və bunun öyrənilməsi ilə sonradan ilanın növünü müəyyən etmək olar!
Unutmayın ki, yubanmaq olmaz!
Dərhal tibbi yardım üçün zəng edin!

1. SAKİT DAYANIN.
2. Tibbi yardım üçün zəng edin. Onlar xəstəni müalicə üçün ən yaxın tibb məntəqəsinə çatdıracaqlar.
3. Yaranı ürəkdən aşağı səviyyədə saxlayın.
4. Hərəkət məhdudlaşdırılmalıdır. Bu zəhərin qanda sürətlə dövr etməsinin qarşısını almağa kömək edir.
5. Zədələnmiş bədən üzvündən sıxıcı əşyaları (bəzək əşyaları, üzük) çıxarın.
6. İmkan daxilində elastik sarğı qoyun; onu yaranın ətrafında sıx sarıyın.
İlan ölmüşdürsə onu qəza şöbəsinə aparın, əgər diridirsə – ilanı öldürməyə və ya tutmağa çalışmayın, bu xəstəyə yardım göstərilməsini yubadacaq və digər şəxsləri təhlükəyə məruz qoya bilər. Bir çoxları başqa bir şəxsi sancmış ilanı tutmaq istəyərkən ilan onları da sancmışdır – yadda saxlayın ki, ilanların zəhəri bir dəfə sancmaqla qurtarmır.
İlan sancmasına laqeyd yanaşmayın!
Əgər bir şəxsi ilan sancmışsa, hər bir məlumata ciddi yanaşın!

İş yerlərində işçiləri bu mövzu ilə bağlı maarifləndirməyi məsləhət görürük.