Azərbaycan qoruqlar (Türyançay Dövlət Qoruğu)
Türyançay Dövlət Təbiət Qoruğu Azərbaycan Hökumətinin 6 may 1958-ci il tarixli Qərarı ilə 12344 hektar ərazidə yaradılmışdır. 2003-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 yanvar tarixli Qərarı ilə ərazisi iki dəfə genişləndirilmişdir. Hazırda sahəsi ərazisi 22488 hektardır. Qoruq Ağdaş, Oğuz, Yevlax və Qəbələ rayonlarının ərazisində yerləşir.
Türyançay Dövlət Təbiət Qoruğunun yaradılmasında məqsəd Azərbaycanın arid meşə sahələrindən biri, həm də ən başlıcası olan Bozdağın arid meşə lanşaft kompleksini qorumaqdır.
Ərazisi qərbdən və şimal-qərbdən şərqə və cənub-şərqə doğru uzanan alçaq dağ tirələrdən ibarətdir. Ərazi kəskin parçalanmış relyefə malikdir. Geomorfoloci cəhətdən burada arid denudasiya relyef tipi səciyyəvidir. Ərazi quru, dərin dərələrlə şiddətli parçalanmışdır. Relyefin paçalanması burada arid iqlim şəraitində bitki örtüyünün zəif inkişafı, torpaq örtüyünün isə az qalın və az münbitli olması ilə nəticələnmişdir.
Quru subtropik iqlim Turyançay qoruğunun ərazisi üçün səciyyəvidir. Burada qışı quraq keçən mülayim-isti və qışı quraq keçən mülayim-isti yarımsəhra və bozqır iqlim tipləri hakimdir. Burada yay isti, qış isə mülayim-isti keçir. Orta illik temperatur 140-dir. İl ərzində yağıntının miqdarı 500 mm-ə, yağıntılı günlərin sayı isə 90 günə çatır.
Qoruğun ərazisində qəhvəyi dağ-meşə, bozqırlaşmış dağ-qəhvəyi, qonur, allüvial çəmən-meşə torpaqları inkişaf etmiş, bendlend sahələr yayılmışdır.
Ərazidə yarımsəhra və bozqır bitki formasiyaları yayılmışdır. Onun özünəməxsus arid bitki örtüyü vardır. Burada ağac və kol bitkilərindən ən çox ardıc və saqqızağacı, qismən də gürcü palıdı, gürcü ağcaqayını, qaratikan, şərq doqquzdonu, kiçik meyvəli gilas, nar, murdarça, sarağan, efedra və s. inkişaf etmişdir.
Türyançay Dövlət Təbiət Qoruğunda çöl donuzu, qonur ayı, porsuq, dələ, tülkü, dovşan, çaqqal, vaşaq və s. məməli vəhşi və çöl heyvanları məskən salmışlar. Qoruğun ərazisi heyvanların ən əlverişli qışlaq yeridir. Burada sürünənlərdən müxtəlif ilanlara və kərtənkələlərə rast gəlinir. İlanlardan gürzə daha çoxdur. Turyançayın sularında Xəzər tısbağasına tez-tez rast gəlinir. Yerli quşlardan kəklik, göyərçin, adi qur-qur, ağbaş Asiya kərkəsi, leşyeyən qartal, qara kərkəs, sərçələr, qaratoyuqlar, zığ-zığ, payız bülbülü, dağ vələmirquşu, böyük və uzunquyruq arıquşu və s. məskunlaşmışdır. Qoruqda Azərbaycanın «Qırmızı kitabı»na adları düşən ayıya, şahinə, berkuta, çöl qartalına təsadüf edilir.
Əvvəllər Turyançay qoruğunun üç filialı vardı (Eldar şamı, Sultanbud saqqızağacı meşəliyi, Şirvan yarımsəhra bitkiəri sahəsi)
300 hektarlıq sahəsi olan Eldar Şamı filialı Respublika hökumətinin 21 noyabr 1967-ci il tarixli qərarı ilə Göy-göl Dövlət Təbiət Qoruğuna verilmiş, daha sonra, ərazisi genişləndirilmiş və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı ilə 1686 hektar ərazidə Eldar Şamı Dövlət Təbiət Qoruğu yaradılmışdır.