Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu
Azərbaycan Respublikası palçıq vulkanlarının ən çox yayıldığı ölkədir. Bu unikal regionda palçıq vulkanlarının sayı son vaxtlaradək 400-ə yaxın hesablanırdı və planetimizdə olan vulkanların yarısını təşkil edirdi.
Palçıq vulkanlarının əhəmiyyətini nəzərə alaraq bu təbiət sərvətlərinin gələcək nəsillərə çatdırılması və respublikamızın təbii irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yerləşən palçıq vulkanlarının bir hissəsinin ərazisində «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu» yaradılmışdır.
Müvafiq Sərəncama əsasən Dövlət Təbiət Qoruğunun yaradılmasının əsas məqsədi kimi palçıq vulkanlarına antropogen təsirlərin azaldılması, ərazidə aparılan intensiv inşaat işləri və vulkanların püskürmə ehtimalı olan zonalarda yaşayış binalarının inşasının qarşısınının alınması göstərilmişdir. Bundan sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 29 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə 12322,84 ha sahədə 43 palçıq vulkanının ərazisi qoruq elan edilmişdir.
DTQ-un fəaliyyətində əsasən iki prioritet istiqamət müəyyən olunmuşdur: vulkanik landşaftın, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək; elmi tədqiqatları təşkil etmək və ekoloci monitorinqi həyata keçirmək.
Qoruq əməkdaşları xüsusi mühafizə statusu şamil edilmiş 43 palçıq vulkanında mütamadi olaraq elmi stasionar müşahidələr aparmaqla ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik proseslərin dinamikasının öyrənilməsi ilə yanaşı, həm də, onların antropogen müdaxilələrdən qorunmasını təmin etməklə vulkanik landşaftın təbii vəziyyətini saxlayır.