Dəm qazından zəhərlənmənin profilaktikası
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.
Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.
Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.
İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
Atmosfer havasına dəm qazı əsasən 2 yolla daxil olur:
1. Təbii mənbələrdən daxil olan dəm qazı.
2. Antropogen mənbələrdən daxil olan dəm qazı.
Təbii yolla dəm qazı əsasən metanın və digər karbohidrogenlərin iştirakı ilə zəncirvari reaksiya şəklində atmosfer havasına daxil olur.
Antropogen mənşəli dəm qazı isə insanların qızdırıcı cihazlardan düzgün istifadə etməməsi nəticəsində əmələ gəlir. Eyni zamanda daxili yanma mühərriklərinin işləməsi nəticəsində əmələ gələn dəm qazı da bu qrupa aiddir.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri:
– suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
– soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
– standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
– sobanın qapağının vaxtında bağlanmaması;
– yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
– tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
– sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
– sobada və borularda çatların və nasazlıqların olması;
– insanların yanğın ocaqlarında olmaları;
– qarajda avtomobilin işlək vəziyyətdə olması;
– qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması;
Dəm qazı ilə zəhərlənmənin əlamətləri:
Yünqül dərəcə
1. küt başağrısı
2. başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı
3. təngnəfəslik
4. quru öskürək
5. gözdən yaş axma və müvazinətin itməsi
6. sinə və boğaz nahiyəsində ağrı
7. öyümə
8. qusma
9. görmə və eşitmə hallusinasiyaları
10. dəri və selikli qişaların hiperemiyası (qızarması)
11. ürək döyüntüsü
12. Qan təzyiqinin artması
Orta ağır dərəcə
1. yuxuluq
2. hərəkətin məhdudlaşması
Ağır dərəcə
1. huşun itməsi,
2. qıcolmalar
3. psixomotor oyanmalar
4. tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm.
İlk tibbi yardım:
– təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək;
– əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda “CO” markalı əleyhqazlardan istifadə etmək olar;
– əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin;
– otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;
– dəm qazının otağa daxil olmasının qarşısını almaq;
Dəm qazından zəhərlənmənin profilaktikası:
– dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.
– adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilir.
Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10% -ə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq olur.
Mənbə: Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti