Novruz bayramında təhlükəsizlik qaydaları
Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzusudur ki, bütün bayramlar, o cümlədən Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır.
NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR KEÇİRİLƏN ŞƏNLİKLƏRDƏ
– Əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalıdır.
– Tonqallar ətrafında olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, ot tayalarından, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır.
– Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğın üçün mənbə ola bilər.
Xatırla …
Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərini və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayalarını alışdıra bilər.
NOVRUZ BAYRAMI ŞƏNLİKLƏRİNDƏ UŞAQLARI NƏZARƏTSİZ QOYMAYIN!
– Bahar bayramı şənliklərində azyaşlıların, uşaqların ciddi odla dəcəllik etməsinə yol verilməməlidir.
– Uşaqlar adət-ənənələrimizə uyğun olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.
ŞAM YANDIRARKƏN
Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və s. yerlərə yapışdırmaq olmaz.
Bayram tədbirləri zamanı müəssisə və təşkilatların, təhsil ocaqlarının, xüsusən də internat tipli və s. məktəblərin rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.
MİLLİ BAYRAMIMIZI – NOVRUZU XOŞ DUYĞULARLA BAŞA VURMAQ ÜÇÜN YUXARIDA SADALANAN, HƏMÇİNİN YANĞIN TƏHLÜKƏSİZLİYİ İLƏ BAĞLI DİGƏR QAYDALARA ƏMƏL ETMƏK VACİBDİR.
Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğın Nəzarəti Xidməti