Şəxsi gigyena – Ağız qoxusu
Ağız qoxusu sadəcə insanların sizdən uzaqlaşmasına səbəb olmur, həm də sizdə olan ciddi xəstəliklərdən xəbər verir. Tabloid.az xəbər verir ki, kiçik bir problem kimi görünsə də, əslində bu, insanın həm şəxsi həyatına, həm ictimai həyatına, həm də iş həyatına mənfi təsir edə biləcək qədər ciddi xəstəlikdir.
Ağız qoxusunun səbəbinin 90 faizi ağızdakı problemlərdən qaynaqlanır. Davamlı olaraq ağız baxımı edilmədiyi təqdirdə, qidaların artıqları dişlərin arasında, dilin və diş ətinin üzərində yığılmağa başlayır və bu da bir müddət sonra xoşagəlməz ağız qoxusuna səbəb ola bilir.
Ağızdakı çürümüş dişlər, köhnə diş plombları da pis ağız qoxusuna səbəb olan digər faktorlardandır.Ağız və dişlərə tam uyğunlaşmamış pis və keyfiyyətsiz protez ciddi ağız qoxularına səbəb olarlar.
Bəs insanın üzünü qızardan problemdən necə xilas olmaq olar?
Bunun üçün ilk öncə diş həkiminə müraciət edib, dişlərlə, plomblarla, protezlə bağlı problem varsa, onu aradan qaldırmaq lazımdır.
Ancaq səbəb bunlar deyilsə və ağız baxımınızı vaxtı-vaxtında edirsinizsə, deməli ortada başqa problemlər var.
Bronxit xəstəliyi ağız qoxusuna səbəb ola bilir.
Ağız qoxusuna ağciyər infeksiyaları, böyrək və ya qaraciyər çatışmazlığı, maddələr mübadiləsindəki bəzi pozğunluqlar, bağırsaq parazitləri də səbəb ola bilər. Əgər səhərlər oyananda ağzınızdan pis qoxu gəlirsə, maddələr mübadiləsindəki bəzi pozğunluqlar, bağırsaq parazitləri daha güclü ehtimaldır.
Nə qədər təəccüblü olsa da, son araşdırmaların nəticələri göstərir ki, hətta stress də ağız qoxusuna səbəb olur.
Odur ki, həkimə müraciət edərək problemin səbəbini düzgün müəyyənləşdirmək və tez bir zamanda müalicə etmək məsləhət görülür.