Xəzər dənizinin ekoloji problemləri – 2

31 August 2020
Baxış sayı:

Xəzər dənizi problemləri içərisində səviyyə tərəddüdü ilə yanaşı, dəniz sularının çirklənməsi və bununla əlaqədar ekoloji şəraitin korlanması son dövrün ən mühüm problemidir. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən onun ətrafında çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Xəzər dənizinin əsas çirklənmə mənbələri onun hövzəsində, sahillərində və akvatoriyalarında yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif çirkləndiricilərdir. Hazırda Xəzər sahili zonalarda 15 milyona qədər əhali yaşayır ki, onların da həyat fəaliyyəti bilavasitə bu dənizlə (əsasən də balıqçılıqla) bağlıdır. Dünyanın ən məhsuldar su sahəsi olan Xəzər yeganə dənizdir ki, nərə balıqlarının böyük ehtiyatı (təxminən 95%) burada cəmləşmişdir. Məlumdur ki, nərə balığı dünya bazarında çox qiymətli sayılan qara kürünün “istehsalçısıdır”. Ona görə də həmin balıqların Xəzərdəki genofondu ciddi şəkildə qorunur. Qeyd edək ki, planetdə qara kürünün əsas icracatı bu gölün sakinləri hesabınadır. Lakin Xəzərin varidatı bununla tükənmir. Neft-qaz ehtiyatı potensialına görə də o, dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Ekoloji xarakteristikasına görə Xəzər dənizi çox vaxt digər qapalı hövzələr kimi öyrənilir. Qapalı hövzələrin isə müvafiq problemləri var. Məsələn: təbii resursların və kəmiyyətcə tükənməsi, antropogen və torpaqüstü təbii ekosistemlərin tənəzzülü, dəniz mühitinin çirklənməsi və su ekosistemlərinin tənəzzülü. Sonuncu ən böyük problem sayılır. Balıq təsərrüfatı və sanitar-toksiki xüsusiyyətləri baxımından Xəzərin durumu hələ Sovetlər Birliyinin sonunda krizis dövrünün başlanğıcı kimi qiymətləndirilirdi. Belə ki, 1992-ci ildə Volqa hövzəsi və Xəzərin sahil zonası “ekoloji fəlakət zonası” adlandırılmışdı.

Xəzər dənizini çirkləndirən əsas mənbələr aşağıdakılardır: təmizlənməmiş sənaye məhsulları və kənd təsərrüfatı tullantıları, çay və dəniz gəmiçiliyi, quru və su sahillərində qaz və neft buruqlarının istismarı, dəniz dibinin dərinləşdirilməsi işləri zamanı ikinci çirklənmə, atmosfer və su vasitəsilə uzaq zonalardan çirkli maddələrin gəlməsi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, çaylar vasitəsilə hər il Xəzərə 40-45 km 3 çirkab daxil olur ki, onun da 60 faizi Volqa çayının payına düşür. Əgər bu çirkli sular dənizin üst qatında bərabər paylansaydı, onda il ərzində həmin qatın qalınlığı 10-11 sm-ə çatardı. Xəzər sularının çirklənməsində Kür və Ural çayları da az rol oynamır. Tbilisi, Rustavi şəhərlərinin və sənaye müəssisələrinin çirkab suları, həmçinin kənd təsərrüfatında işlədilən müxtəlif toksiki maddələr Kür çayı vasitəsilə Xəzərə daxil olur. Xəzər dənizi sahillərində yerləşən şəhərlərdən Bakı, Sumqayıt, Mahaçqala, Həştərxan, Türkmənbaşı, Rəşt, Ənzəli şəhərlərindən dənizə axıdılan çirkab suları onun əsas çirkləndiricilərindən hesab edilir. Bununla yanaşı dəniz neft yataqlarının istismarı və neft məhsullarının daşınması, dəniz nəqliyyatı da Xəzər sularını xeyli çirkləndirir.

Dəniz dibi qruntlarından götürülən nümunələrin tərkibində neft məhsulları, fenollar, bəzi rayonlarda isə civə olması müəyyən edilmişdir. Ən çox çirklənmiş Bakı buxtası olmaqla burada dib qruntlarının çirklənməsi orqanizmlərin və bentosun azalmasına, bəzi yerlərdə isə dib faunasının yox olmasına gətirib çıxarır. Dəniz sularının çirklənməsi Xəzərin ekoloji şəraitində böyük gərginliyə səbəb olmuş, onun bir sıra sahil bölgələrində isə ekoloji böhran yaratmışdır. Dənizin ekoloji şəraitinə Volqa, Kür hövzələrində bir sıra sututarların yaradılması da mənfi təsir göstərmişdir. Bu sututarların miqdarının kəskin azalmasına səbəb olmuş, digər tərəfdən bir sıra olduqca qiymətli balıq növlərini ənənəvi kürü tökmək yerlərindən məhrum etmişdir.

Ekoloji şəraitə dəniz səviyyəsinin tərəddüdləri də təsir göstərir. Dənizin səviyyəsi aşağı düşdüyü zaman şorluğu artır, balıqların sahil zonalarında qidalanma bölgələrinin məhsuldarlığı və sahəsi azalır. Dənizin səviyyəsi qaxdıqca isə suların, xüsusilə böyük çayların delta bölgələrinə yanaşan sahələrdə şorluğu azalır, yem ehtiyatı artır.

Bunlarla yanaşı dəniz sularının yuxarıda göstərilən maddələrlə, xüsusilə neft məhsulları ilə çox çirklənməsi aerasiya prosesini ciddi pozur, dəniz fauna və florasının məhv olmasına gətirib çıxarır.

Dənizin ən çox çirklənmiş sahələri eyni zamanda ekoloji böhran sahələridir. Belə sahələrə Bakı, Sumqayıt, Mahaçqala, Türkmənbaşı şəhərlərinin akvatoriyaları, istismarda olan dəniz neft yataqları rayonları aid edilir.
Xəzər gölünün çirklənməsindən danışarkən aşağıdakı xüsusiyyətlər nəzərə alınmalıdır: birincisi, çirkabın qeyri- bərabər paylanması dənizin ayrı-ayrı sahələrinin ciddi şəkildə çirklənməsinə gətirib çıxarır. Ikincisi, sahilboyu yaranan çirklənməni bir zonadan başqasına aparır və oranı da çirkləndirir. Nəzərə alsaq ki, tullantılar əsasən suyun üzəndə – üst qatında toplaşaraq “su-atmosfer” zonası yaradır, onda məhz burada yığılmış çirkablar hesabına daha çox dənizin bioloji əhəmiyyətli sahələrinin çirkləndiyini qeyd etmək lazım gəlir.
Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbohidrogenləri, karbonukleidləri, xlor üzvi birləşmələrini və ağır metalları göstərmək olar. Dənizin çirklənməsində neft karbohidrogenləri böyük rol oynayır. Söhbət Abşeron yarımadası və Manqışlağın yarısını əhatə edən dəniz neft sənayesi və sualtı neft borularından gedir. Vaxtilə dənizdə neft buruqlarının görünməsi elm və texnikanın nailiyyəti sayılsa da, bəzi alimlər bunun yaxın gələcəkdə zərərli fəsadlar törçdəcəyi barədə həyacan dolu məlumatlar veriblər. Üstündən yarım əsrdən çox ötməsinə baxmayaraq, həmin fikirlər özünü doğruldur və biz artıq Xəzərin dünya miqyaslı problemə çevrildiyinin şahidləriyik. Onun ekoloji vəziyyəti indi bütün dünyanı narahat edir. Bakı isə Xəzərin ən çirkli hissəsidir. Təsadüfi deyil ki, o, bioloji cəhətdən “ölü buxta” statusunu qazanıb.

Xəzəryanı ölkələrdə baş verən ictimai-siyasi proseslər, ziddiyyətli münaqişələr də dənizin ekomühitinə öz təsirini göstərib. Xüsusilə hərbi münaqişələr. Məsələn, 1991-ci ildən başlanan Rus-Çeçen müharibəsi dənizin ekosistemində müəyyən problemlər yaradıb. Hövzədə il ərzində 20-30 hərbi tullantı qeydə alınır. Bundan əlavə, texnogen qəzaların sayı da xeyli artıb. Belə ki, Xəzərin Rusiya sahillərində karbohidrogenlərin miqdarı Çeçen müharibəsi ilə əlaqədar xeyli artmışdır.

Məlumdur ki, Azərbaycanın yataqlarının birgə istismarı ilə əlaqədar “Əsrin müqaviləsi” (1994) adlı saziş imzalanmışdır. Dünyanın məşhur neft korporasiyalarının qoşulduqları saziş, Azərbaycanın xam neftini dünya bazarına çıxarmaq məqsədi güdür. Regiondakı digər neft istehsalçıları da eyni maraqdan çıxış edirlər. Qazaxıstan və Türkmənistanda da Abşeronda olduğu kimi neft-qaz istehsalı mərkəzləri açılıb. Bu regionların ekoloji durumu respublikamızla müqayisədə heç də yaxşı deyil. Çünki burada çıxarılan neftin tərkibində merkaptanların miqdarı çox, kükürdlü birləşmələr daha artıqdır. Belə nefti xüsusi yolla təmizləmək lazım gəlir ki, bu da əlavə problemlər yaradır. Bu prosesdə ekoloji standartlar mütləq nəzərə alınmalıdır, əks halda Xəzərin bütün akvatoriyası pis hala düşə bilər.

Dənizin şərq-qərb hissələri ilə müqayisədə şimal tərəfində çirklənmənin səviyyəsi nisbətən azdır. Qeyd edək ki, Xəzər gölünün mühitinin qorunmasında, xüsusilə çirkablardan mühafizədə Volqa və digər çay-su anbarlarının rolu böyükdür. Eyni zamanda, Xəzərin dib çöküntüləri və özünün fiziki-kimyəvi və bioloji təmizlənmə proseslərinin də rolu var. Orta və cənub zonalarında temperaturun sabitliyi (normallığı) suda kimyəvi reaksiyaların sürətini artırır və nəticə etibarilə burada dəniz suyunun təmizliyi öz-özünə təmin olunur.
Xəzərin ekoloji problemləri onun səviyyəsinin vaxtaşırı dəyişməsilə də əlaqədardır. 1978-ci ildən tranqressiv mərhələyə keçən dənizin səviyyəsi tədricən qalxaraq ciddi təhlükəyə səbəb olmuşdur. Belə ki, suyun səviyyəsinin 2,5 m qalxması sahil zonasının il ərzində 1-2 km sahəsinin dənizin altında qalması ilə nəticələnmişdir. Məsələn, 10-15 il əvvəl ölkəmizin cənub bölgəsindəki (Lənkəran-Astara) sahil zolağında yerləşən bir çox yaşayış məntəqələri və təsərrüfat sahələri həmin fəlakətlə üzləşdi, əhaliyə, dövlətə xeyli ziyan dəydi. Elə burdaca bir məsələni xatırlatmaq yerinə düşər. Əski tarixdə ulu babalarımız heç vaxt hövzə kənarında daimi məskunlaşmayıblar. Yalnız mövsümi xarakter daşıyan fəaliyyətlə məşğul olublar. Çünki onlar haçansa yarana biləcək təbii hadisələri çox düzgün qiymətləndiriblər. Müasir dövrün insanları isə keçmişdən öyrənmək əvəzinə, sanki təbiəti ram edirmişlər kimi dənizin düz qırağında möhtəşəm sənaye obyektləri, neft-qazçıxarma qurğuları, çoxmərtəbəli yaşayış binaları inşa edir, fermer təsərrüfatları salırlar. Hesab edirlər ki, onları həmişəlik sahildə saxlamaq mümkündür. Təəssüf ki, bu belə deyil. Təbiət özü şıltaq olsa da, şıltaqları sevmir.
Dənizdə və sahilboyunda gözlənilən qəzaların böyük əksəriyyəti, əlbəttə ki, burada yerləşdirilən neft sənayesilə bağlıdır. Avadanlıqların suda batması, neft məhsullarının dənizə axması, qurğuların yararsız hala düşməsi və s. Cənub və orta sahələrdə Xəzər daha çox hidrodinamiki təhlükəyə məruz qalır. Bunlardan başqa, Xəzərin dibi palçıq vulkanlarına meyllidir. Kükürd tərkibli neft çıxarılan sahələr daha təhlükəlidir. Güclü zəlzələ baş verərsə, havaya 1000 atmosfer təzyiqlə milyon ton kükürd tərkibli karbohidrogen daxil ola bilər ki, bu da qlobal fəlakətdir.
Iri tankerlərlə neftin daşınması da Xəzərin çirklənməsinə səbəbdir. Xəzər qapalı ekosistem olduğu üçün onun neft axınları vasitəsilə çirklənməsi kifayətdir ki, “canını tapşırsın” – “ölsün”.
Xırda dəniz donanmalarının inkişafı iqtisadi və hərbi baxımdan əhəmiyyət daşısa da, çirkləndirici amil kimi onların da rolu az deyil. Iri gəmilərin ixrac etdiyi axıntı suları çirklənmə mənbələrindəndir. Yeni limanların tikilməsi, gəmi istehsalı, neft və neft məhsullarının nəqli və s. suyun çirklənməsinin əsas səbəblərindəndir. Xəzərsahili ölkələrin hərbi dəniz donanmalarının yaradılması da həmin faktorlardandır. Xəzər gölünün çirklənmə mənbəyini yalnız fiziki-kimyəvi səbəblərlə əlaqələndirmək olmaz. Problemin əmələ gəlməsində bioloji çirklənmənin də payı var. Söhbət Volqa-Don kanalı vasitəsilə Azov-Qara dəniz hövzəsindən gələn yad orqanizmlərdən gedir. Belə ki, bu yaxınlarda Türkmənistana aid sektorda meduzalar (aurella aurita, mneniopsis leudyi) aşkar edilmişdir. Bu meduzalar Xəzərdə çoxalaraq vətəgə əhəmiyyətli iri balıqların qidasını yeyib tükəndirir. Məsələn, bu meduzalar kilkə ilə qidalanırlar. Kilkənin azalması paralel olaraq onlarla qidalanan müxtəlif su heyvanlarının sayca azalmasıyla nəticələnir. Neft-qaz istismarına geniş yer verilməsi balıqçılıq təsərrüfatına da öz mənfi təsirini göstərir. Su mühitinin ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Hesablamalara əsasən, bu səbəbdən nərə balığı təsərrüfatına dəyən zərər 6 milyard, kürü biznesinə deyən ziyan isə 10 milyard dollar təşkil edir. Həmçinin digər vətəgə balıqlarının iqtisadi cəhətdən itirilməsi də realdır. Xəzər olduqca unikal ekosistemdir. Onun qorunması təkcə regional dövlətlərin yox, planetin işidir. Beynəlxalq sistemin son illər bu dənizin ekoloji problemlərinə maraq göstərməsi təsadüfi deyil. Xəzərə yalnız bir ölkənin yox, 5 sahilyanı ölkənin qayğı göstərməsi vacibdir. Hər bir Xəzərsahili ölkə dənizə öz şəxsi prizmasından yanaşsa, onun sonrakı taleyi daha tutqun ola bilər. Xəzərin statusu tam müəyyənləşmədikcə dənizin nərə balığı ehtiyatı, canlıların rəngarəngliyi, ekosistemi tənəzzülə uğrayacaq.

Qaynar nöqtələr

Ağac Emalı Kombinatının təmizləyici qurğuları müəssisənin istismarının dayandırılması ilə əlaqədar olaraq 1990-cı illərdə baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüş, Qaradağ rayonunun Ələt qəsəbəsində formalaşan məişət-fekal və sənaye çirkab sular idarə olunmadığından qəsəbə ərazisində yerləşən 20-dən artıq çıxış xətti vasitəsi ilə gün ərzində orta hesabla 16.4 min m3 həcmində olmaqla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Qəsəbə ərazisindəki Hərbi Hissənin Vərəm Dispanserində formalaşan çirkab suların birbaşa açıq arxla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən qaynar nöqtə kimi qeydə alınmışdır.

Qaradağ rayonunun Qobustan qəsəbəsində də mərkəzləşmiş kanalizasiya şəbəkəsinin çəkilişinin başa çatdırılmaması səbəbindən formalaşan məişət-fekal və qarışıq mənşəli çirkab sular gün ərzində orta hesabla 5,8 min m3 həcmində olmaqla qəsəbə ərazisində bir neçə yerdən sahil zolağına və oradan da Xəzər dənizinə axıdılır. Sahil zolağına axıdılan çirkab sular burada geniş sahəni əhatə edən bataqlıqlar əmələ gətirmişdir.

Sözügedən rayonun ərazisində yerləşən növbəti qaynar nöqtə “Qu gölü”dür. “Hacı-Həsən gölü”, “Puta gölü”, Lökbatan qəsəbəsi və digər sahələrdən axıdılan çirkab sular bu göldə cəmləşərək Xəzər dənizinə axıdılır. Yeni magistral yolun çəkilişi zamanı göldən dənizə su axıdılması üçün kiçik diametrli boru xətti qoyulduğuna görə, gölə tökülən suların hamısı dənizə axıdılma imkanından kənarda qaldığından gölün səviyyəsi durmadan artır. Digər tərəfdən gölün səviyyəsinin qalxmasına səbəb göl ətrafında aparılan yeni obyektlərin tikintisidir. Belə ki, bu obyektlərin tikintisi üçün gölə torpaq tökülərək onun sahəsi qurudulur. Nəticədə Lökbatan yolu davamlı olaraq su altında qalmağa məhkumdur. Göldən Xəzər dənizinə su axıdan kanalın sıradan çıxması səbəbindən çirkab sular Lökbatan çimərliyi yaxınlığında sahil boyunca yayılaraq çimərliyə və istirahətə yararlı sahəni bataqlığa çevirmişdir. Bu da öz növbəsində Lökbatan çimərliyinin fəaliyyətinin dayandırılması ilə nəticələnmişdir.

Başlanğıcını Badamdar qəsəbəsindən götürən “32 saylı” kanal “20-ci sahə” adlanan yaşayış məntəqəsindən keçərək “Bibiheybətneft” NQÇİ-nin ərazisindən Xəzər dənizinə qovuşur. Uzunluğu 6 km olan kanal, gün ərzində ətraf ərazilərdə formalaşan 14 min m3 həcmində qarışıq mənşəli çirkab (məişət-fekal və istehsalat) suları özündə cəmləyir. “20-ci sahə”də yaşayış massivlərinin genişlənməsi sözügedən kanala yönəldilən çirkab suların həcminin artması ilə də nəticələnmişdir.3 həcmində qarışıq mənşəli çirkab (məişət-fekal və istehsalat) suların özündə cəmləyir. “20-ci sahə”-də yaşayış massivlərinin genişlənməsi sözügedən kanala yönəldilən çirkab suların həcminin artması ilə də nəticələnmişdir.

Hövsan kanalı başlanğıcını “Balaxanıneft” NQÇİ-nin ərazisində formalaşan qarışıq mənşəli çirkab suların toplanma məntəqəsindən götürən “Cənub” kanalının davamı olmaqla gün ərzində 100 min m3-dən artıq çirkab suyu birbaşa Xəzər dənizinə axıdır. Hazırda Ramana tuneli qəzalı vəziyyətdə olduğundan qeyd olunan ərazidə yerləşən sənaye obyektlərində, habelə Ramana, Sabunçu-1, Zabrat-1 və Zabrat-2 yaşayış məntəqələrinin bir hissəsində formalaşan çirkab sular sözügedən tunel qarşısında yığılaraq nasoslar vasitəsi ilə Hövsan kanalına nəql edilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” haqqında ölkə Prezidenti tərəfindən imzalanmış 28 sentyabr 2006-cı il tarixli 1697 saylı Sərəncama əsasən 2010-cu ilin sonunadək Hövsan kanalı qapalı kanala çevrilməli və Xəzər dənizinə çıxışı hissəsində bioloji təmizləmə qurğusu inşa edilməli idi. Sərəncamda qeyd olunan müddətin başa çatmasına baxmayaraq hazırda sözügedən kanalın 4 000 m-ə yaxın hissəsi qapalı sistemə keçirilmiş, dənizə çıxış hissəsində isə təmizləyici qurğuların tikintisi ilə əlaqədar heç bir tədbir görülməmişdir.