AZS 913:2022 “Mühafizəedici geyimlər – Pestisidlərlə işləyənlərin mühafizəedici geyiminə istismar tədbirləri” yeni dövlət standartı təsdiq edilib
Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələrə dair müəyyən edilən tələblərin beynəlxalq standartlara, norma, qayda və tövsiyələrə, habelə digər dövlətlərin müvafiq mütərəqqi milli standartlarına, elm, texnika və texnologiyanın müasir nailiyyətlərinə əsaslanaraq hazırlanan AZS 913:2022 “Mühafizəedici geyimlər – Pestisidlərlə işləyənlərin mühafizəedici geyiminə istismar tədbirləri” dövlət standartı təsdiq edilib.
Standart layihəsi Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşeron Təcrübə Stansiyası bazasında təsis olunmuş “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 23) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiq edilib.
Son illərdə pestisidlərin, aqrokimyəvi maddələrin və başqa maye halında olan zəhərli kimyəvi maddələrin istehsalı, idxalı, saxlanması, daşınması və tətbiqi ölkə ərazisində genişlənməkdədir. Bu cür təhlükəli preparatların istifadəsinə yalnız qüvvədə olan dövlət standartlarına uyğun olaraq qoruyucu xüsusiyyətlərinə görə nişanlanması ilə xüsusi fərdi mühafizəedici geyimlərdən asılı olaraq icazə verilir. Bununla əlaqədar olaraq, zəhərli-kimyəvi preparatlarla işləyən insanların fərdi mühafizə vasitələrinə olan təlabatının artması və maye halında istehsal olunan pestisidlərin adına, təyinatına, zəhərlilik dərəcəsinə görə qoruyucu xüsusiyyətlərin nişanlanması, mühafizəedici geyimlərin tikilib hazırlanması və istifadəsi məqsədi ilə qəbul edilən standartın tələblərinə rəyət olunması zəruri hesab olunur.
Mənbə: http://azstand.gov.az/az/news/357