Risklərin idarə olunması üzrə yeni dövlət standartı qəbul edilib
Risklərin idarəedilməsi prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə ISO 31000:2018 “Risk management. Guidelines” beynəlxalq standartının autentik tərcüməsi əsasında AZS ISO 31000:2022 “Risklərin idarəolunması. Rəhbəredici göstərişlər” dövlət standartı qəbul edilib.
Standart layihəsi “Uyğunluğun qiymətləndirilməsi” üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirəyə çıxarılıb və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Dövlət standartı təşkilatların qarşılaşdığı risklərin idarə edilməsinə dair rəhbəredici göstərişləri, o cümlədən risklərin idarəolunması prinsiplərini, prosedurlarını ehtiva edir. Standartda həmçinin risklərin idarəolunması proseslərinin təşkilatın fəaliyyətinə inteqrasiyası, risklərin səbəb və nəticələrinin, habelə onların təbiətinin, əmələgəlmə mənbələrinin müəyyən edilməsi prosesləri göstərilib.
Yeni qəbul edilmiş dövlət standartının tətbiqi nəticəsində müəssisədə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və minimuma endirilməsi yolu ilə qarşıya qoyulan strateji hədəflərə nail olunmasına, fəaliyyətin səmərəliliyi və davamlı inkişafının təmin edilməsinə imkan yaranacaqdır.
http://azstand.gov.az/az/news/451